Yağ qoxusuna əlvida: Evinizi gül kimi edəcək praktiki həll yolları
Qızartma dadlı ola bilər, amma evdə buraxdığı ağır qoxu çox vaxt insanları narahat edir. Bu inadkar qoxudan sadə və təsirli üsullarla qurtulmaq mümkündür.
TurpKimi.com evdəki qızartma qoxusuna qarşı mübarizə aparacaq üsulları təqdim edir:
Qızartma hazırlayanda mətbəxə yayılan o gözəl ətir bir neçə saat sonra yerini ağır və narahatedici bir qoxuya verir. Xüsusilə evin hər otağına yayılan bu yağ qoxusu, pərdələrdən tutmuş divanlara qədər bir çox səthə hopa bilər. Ancaq düzgün üsullar və təbii vasitələrdən istifadə etməklə bu qoxuları evdən tamamilə uzaqlaşdırmaq olar. Qızartmadan sonra evinizin təravətli qalması üçün tətbiq edə biləcəyiniz təsirli üsulları sizlərlə bölüşürük.
1. Qızartma zamanı havalandırmanı unutmayın
- Aspiratoru mütləq ən yüksək səviyyədə işlədin.
- Pəncərə və balkon qapılarını açıq saxlayaraq havanın rahat dövr etməsinə ciddi fikir verin. Qızartmanı mümkünsə pəncərə kənarında və ya balkon qapısına yaxın yerdə edin.
2. Sirkə və su qarışığı ilə qoxunun təmizlənməsi
- Bir qazana yarım stəkan sirkə və iki stəkan su töküb qaynadın.
- Qaynayarkən çıxan buxar yağ qoxularını hopdurur və neytrallaşdırır.
- Xüsusilə alma sirkəsi istifadə edilsə, daha təsirli nəticə alınır.
3. Mixək, darçın və limon qaynadın
- Təbii və xoş bir qoxu üçün bir qazana su tökün, bir neçə mixək, darçın qabığı və limon dilimi əlavə edib qaynadın.
- Bu, həm yağ qoxusunu azaldır, həm də evə xoş təravət gətirir.
4. Qızartmadan sonra evin təmizliyi
- Ocağın ətrafı, divarlar və aspiratorun filtri yağ qoxusunu özünə çəkir.
- Soda və sirkə qarışığı ilə səthləri silmək qalıcı qoxu problemini aradan qaldırır.
- Pərdələri qısa proqramda yumaq və ya divanları sirkə ilə silmək qoxunun mebelə hopmasının qarşısını alır.
5. Qoxu sovurucu təbii maddələrdən istifadə edin
- Soda: Kiçik kasalara töküb müxtəlif otaqlara yerləşdirin.
- Aktiv soda və ya kömür: Güclü sovurma xüsusiyyəti sayəsində havadakı pis qoxuları yox edir.
- Qəhvə çöküntüsü: Qurudulmuş qəhvə çöküntüsü də qoxu sovurucu kimi təsirli olur.
6. Sobada vanil və ya portağal qabığını qızdırın
- Sobanı 100 dərəcəyə qoyub içinə vanilin və ya portağal qabığı yerləşdirin.
- 10-15 dəqiqədən sonra eviniz həm qoxudan təmizlənəcək, həm də ətirlənəcək.
Əlavə məsləhətlər:
- Qızartmaları qapaqlı fritoz və ya dərin qazanda edin.
- Bütün səthləri yağ təmizləyici ilə silmək qoxunun qalıcı olmasının qarşısını alır.
- Elektrikli hava təmizləyicilər də qalıcı qoxulara qarşı çarə ola bilər.
Vüsalə Əlövsətqızı, TurpKimi.com